ADA Universitetində Kənd təsərrüfatı və qida elmi fakültəsinin açılışı və Ümumdünya Qida Günü qeyd edilib
2023-10-17 00:00:00
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi (FAO) ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində, Kənd təsərrüfatı və qida elmi fakültəsinin açılışını və Ümumdünya Qida Gününü qeyd edib. Tədbirdə nazirlik və dövlət qurumlarının rəsmiləri, universitetin tələbə-müəllim heyəti, beynəlxalq təşkilatların nümayəndələri və mütəxəssislər iştirak edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, kənd təsərrüfatı ölkə iqtisadiyyatının ən vacib sahələrindəndir. Bu sahə yalnız qida məhsullarının istehsalından ibarət deyil. Kənd təsərrüfatı ölkənin qida təhlükəsizliyini təmin edir. “Bu fakültəni təsis etməkdə məqsədimiz aqrar sahədə rəqabətədavamlı kadrlar yetişdirmək, elmi-texniki tərəqqi və innovasiya gətirə biləcək peşəkarlar hazırlamaqdır”, - deyə rektor çıxışına əlavə edib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında vurğulayıb ki, kənd təsərrüfatı və qida elmi fakültəsinin yaradılması fərqli təcrübələrin tətbiqi və müqayisəli təhlillər üçün zəmin yaradacaq. “Əminəm ki, yeni fakültənin açılışı ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi, su ehtiyatlarının səmərəli idarə edilməsi və kənd təsərrüfatının digər mühüm istiqamətləri üzrə təhlillərimizi daha da dərinləşdirməyə, müvafiq sahələr üzrə elmi-tədqiqat potensialımızın genişlənməsinə, səylərimizin effektivliyini daha da yüksəldərək qarşıya qoyulmuş hədəflərə nail olmağa müstəsna töhfəsini verəcək”, - deyə nazir Məcnun Məmmədov qeyd edib.
Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva isə bildirib ki, bu gün baş verən iqlim dəyişiklikləri, dəyişən istehlakçı vərdişləri, su ehtiyatlarının azalması, elmi-texniki yeniliklər, yeni qida mənbələri və istehsal prosesləri ərzaq və qida təhlükəsizliyinin təmin olunmasında qarşıda duran ciddi çağırışlardandır: “Bu çağırışlara qarşı adekvat tədbirlərin görülməsi isə yalnız yüksək göstəricilərə sahib kadr potensialı ilə mümkündür”. Zəkiyyə Mustafayeva bu baxımdan, ADA Universitetində Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin yaradılmasını təqdirəlayiq hadisə adlandırıb. Agentlik sədrinin müavini bu addımı ölkəmizin kənd təsərrüfatı və qida sisteminə veriləcək misilsiz töhfə kimi qiymətləndirib.
Tədbirdə fakültənin işinin səmərəli qurulması məqsədilə tədris proqramlarının hazırlanması, qarşılıqlı bilik və təcrübə mübadiləsinin aparılması, tələbələrin elmi araşdırmalara və təcrübə proqramlarına cəlb edilməsi, elmi-tədqiqat işlərinin, müştərək layihə və tədbirlərin təşkili istiqamətlərində Kənd Təsərrüfatı Nazirliyi və AQTA-nın ADA Universiteti ilə əməkdaşlığa hazır olduğunu qeyd dilib.
FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat çıxışı zamanı davamlı kənd təsərrüfatı, su və qida təhlükəsizliyinə təsir edən qlobal amillərdən bəhs edib, sudan düzgün istifadənin vacibliyini vurğulayıb. Çıxışın sonunda FAO–nun baş direktoru Qu Dong Yunun videomüraciəti yayımlanıb.
İtaliyanın ölkəmizdəki səfiri Klaudio Taffurinin çıxışından və Bolonya Universitetinin rektoru Covanni Molarinin videomüraciətindən sonra Kənd təsərrüfatı və qida elmi fakültəsinin dekanı Matteo Vittuari fakültə barədə məlumat verib. Dekan çıxışında 2024-cü ildən etibarən tədris ediləcək bakalavr və magistr ixtisasları ilə bağlı məsələlərə toxunub.
Qeyd edək ki, Kənd təsərrüfatı və qida elmi fakültəsi İtaliya-Azərbaycan Universitetinin təşəbbüsü çərçivəsində Bolonya Universiteti ilə əməkdaşlıq nəticəsində təsis edilib. Bu fakültə vasitəsilə həmin sahədə bakalavr, magistr və sertifikat proqramları təklif edilir. 2024-cü ildən açılacaq bakalavr və magistr ixtisasları ADA Universitetinin Bakı kampusunda, Qazax və Gəncədəki regional mərkəzlərində tədris olunacaq.
Tədbir seminarla davam edib.
Tədbir çərçivəsində təşkil olunan sərgidə 10-a yaxın şirkətlərin məhsulları olmaqla, İtaliya-Azərbaycan Universiteti layihəsinin sertifikat proqramı iştirakçılarının təmsil etdiyi şirkətlərin, italyan markalarının, eləcə də FAO-nun dəstəyi ilə ərsəyə gəlmiş “Yurdumun ləzzəti” brendinin qida məhsullarının dequstasiya və təqdimatı baş tutub.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır