Buğdada sarı pas xəstəliyinə qarşı mübarizə tədbirləri
2024-04-22 00:00:00
Müəyyən olunması: Sarı pas xəstəliyinin törədicisi Puccinia striiformis West göbələyidir. Xəstəliyin səciyyəvi əlaməti bitkinin yarpaqlarının üst hissəsində yarpaq uzunu sarı rəngdə 1-2 sm uzunluğunda, 0,5-1,0 mm enində nazik xətvari sarı rəngli ləkələrin-pustulların əmələ gəlməsidir. Həmin ləkələr xəstəlik inkişaf etdikcə böyüyür və yarpağın epidermisi altında olan pustullar dağılaraq açıq-sarı rəngli spor kütləsi-konidlər xaricə tökülür. Xəstəliyin ilkin əlamətləri erkən yazda bitkilərin kollanma və boruyaçıxma mərhələsində üzə çıxır.
Yayılması və zərəri: Bu xəstəlik son 8-9 ildə hər il bütün taxılçılıq bölgələrində, hətta aşağı düzənlik rayonlarında kütləvi şəkildə yayılaraq və ciddi məhsul itkisi törədir. Ən çox buğdada rast gəlinən sarı pas (Puccinia striiformis est.) xəstəliyin bitkinin yarpaqlarını (əvvəlcə bitkilərin aşağı hissəsində yerləşən yarpaqlar), yarpaq qınlarını, sünbülü və bəzi hallarda isə dənləri zədələyir. Uredosporlar deyilən konidilər toz şəklində yayılaraq (küləklə), yenidən ətrafda olan sağlam bitkiləri sirayətləndirir. Sarı pas xəstəliyi vegetasiyanın əvvəlində, əsasən erkən yazda, nadir hallarda isə payızda əmələ gəldiyi üçün onun məhsuldarlığa vurduğu ziyan daha çoxdur. Xəstəlik nəticəsində yarpaqların assimilyasiya səthi kiçilir, tənəffüs prosesi güclənir, buxarlanma artır və yarpaqlar vaxtından tez quruyub tökülməyə başlayır. Nəticədə dənin dolması prosesi tam getmir, əmələ gəlmiş dənlər cılızlaşdığı üçün çəkisi də aşağı düşür. Sarı pas xəstəliyinə müxtəlif səviyyədə (zəif, orta, güclü) tutulmuş sortlar üzərində aparılmış təcrübələr göstərir ki, onun məhsuldarlığa vurduğu ziyan xəstəliyin intensivliyindən asılı olaraq 17-35% arasında dəyişir.
Sahib bitkiləri: Sarı pasın morfoloji cəhətdən oxşar quruluşa malik olan, lakin fizioloji cəhətdən fərqlənən bir çox ras və biotipləri vardır. Bərk və yumşaq buğda sortları sarı pas xəstəliyinə daha çox tutulur. Taxıl bitkiləri fəsiləsinə mənsub olan bir çox yabanı ot bitkiləri - çayır, eqilops, ceyran arpası və s. pasın yayılmasında əsas mənbələrdən biri hesab olunur. Sarı pasın aralıq sahibi məlum deyildir. Taxıl sahələrində sarı pas xəstəliyinin əlamətləri müşahidə edildikdə mütəxəssislərlə əlaqə saxlanılması tövsiyə olunur.
Mübarizə tədbirləri:
- səpinqabağı toxum dərmanlanmalı;
- pas xəstəliyinə davamlı sortlar seçilməli;
- becərilən bitki üçün müəyyən olunmuş aqrotexniki qaydalara riayyət edilməli;
- tarlada alaq otlarına qarşı periodik olaraq mübarizə aparilmalı;
- növbəli əkin sistemi tətbiq edilməli;
- payızda taxıl əkiləcək sahələrin şum altına fosfor-kalium, erkən yazda isə yemləmə şəklində azot gübrəsi verilməlidir.
Kimyəvi mübarizə: Propikonazol + siprokonazol, Propikonazol+ azoksistrobin + Siprokonazol, piraklostrobin + protiokonazol kimi iki və daha artıq təsiredici maddəsi olan kombinə edilmiş preparatlardan istifadə edilə bilər.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır