Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçirilir
2024-05-21 00:20:00
Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu işinə başlayıb. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə bir sıra dövlət qurumlarının, xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər iştirak edir.
İki gün davam edəcək forumun məqsədi bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması, mövcud zərərvericilərə qarşı mübarizə və onların idarə olunması yolu ilə bitki sağlamlığının möhkəmləndirilməsi, bitki və bitkiçilik məhsullarının istehsalı və təhlükəsiz ticarətinin genişləndirilməsi, qlobal ərzaq təhlükəsizliyinin və biomüxtəlifliyin qorunması üçün milli bitki sağlamlığı qurumları, regional və beynəlxalq təşkilatlar, dövlət qurumları, universitetlər və istinad laboratoriyaları üçün əməkdaşlıq platformasının təmin edilməsidir.
Tədbirin açılış mərasimində çıxış edən AQTA sədri Qoşqar Təhməzli bildirib ki, Agentlik tərəfindən fermerlərin sağlam toxum məhsulu ilə təminatı və ölkə ərazisinin təhlükəli yeni bitki xəstəliklərindən mühafizə olunması istiqamətində geniş həcmli fəaliyyətlər icra edilir. Agentlik ölkə ərazisini qonşu ölkələrdə yayılmaqda olan təhlükəli bitki virus və bakteriya xəstəliklərindən qorumaq, respublikada bitkiçilik məhsullarının istehsalı və ixracı üçün yarana biləcək təhlükələri önləmək üçün pomidor, bibər, kartof kimi təsərrüfat əhəmiyyətli bitkilərin əkin materialının idxalı zamanı həyata keçirilən fitosanitar tədbirləri daha da genişləndirib. AQTA sədri Agentlik tərəfindən bitki sağlamlığı sahəsində həyata keçirilən fəaliyyətə beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının daim böyük dəstək göstərdiyini vurğulayıb və bundan sonra da bu əməkdaşlığın daha sıx davam edəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, zərərvericilərə qarşı mübarizənin düzgün və vaxtında aparılması üçün feromonların, bioloji mübarizə vasitələrinin tətbiqi və təşviqi, ultra kiçik həcmli çiləyici avadanlıqlardan istifadə bitki sağlamlığı ilə yanaşı ətraf mühitin qorunması baxımından da mühüm əhəmiyyət kəsb edir: “Lakin bitki sağlamlığı təkcə bitki zərərvericilərinə qarşı mübarizə aparılması ilə yekunlaşmır. Müasir dünyamızda bitki sağlamlığının təmin olunması üçün sağlam torpaq amili, düzgün suvarma texnologiyası, düzgün gübrələmə, növbəli əkin və s. kimi mühüm aqrotexniki tədbirlərin həyata keçirilməsi vacibdir. Nazirlik bu istiqamətdə il ərzində davamlı maarifləndirmə tədbirləri həyata keçirir”. Nazir müavini bildirib ki, bitki sağlamlığının təmin olunması prosesində müasir texnologiyaların tətbiqi ildən-ilə genişlənir və bu amil bitki sağlamlığının təmin olunması prosesinə öz müsbət nəticələrini verir.
Tədbirdə çıxış edən digər natiqlər ölkəmizdə aqrar sahədə aparılan islahatlardan, bitkiçiliyin inkişafı istiqamətində görülən işlərdən və bu sahədə əldə olunan nailiyyətlərdən danışıblar. Respublikamızda bitki sağlamlığı sisteminin müasir çağırışlar nəzərə alınmaqla təkmilləşdirilməsi istiqamətində aidiyyatı qurumlar tərəfindən görülən işləri və nəzərdə tutulan hədəfləri yüksək qiymətləndiriblər. Bu forumun da Azərbaycanda və regional miqyasda bitki sağlamlığının, bununla da ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
Tədbir daha sonra “İqlim dəyişikliyi şəraitində dayanıqlı kənd təsərrüfatı təcrübələrinin zərərli orqanizmlərlə mübarizədə rolu: COP29 konteksində” və “Bitki sağlamlığında elmi-tədqiqatlar və kadr potensialı” mövzularında sessiyalarla davam edib. Sessiyalar zamanı mütəxəssislər tərəfindən müxtəlif mövzularda çıxışlar olub, müzakirələr aparılıb, suallar cavablandırılıb. Fitosanitar Ekspertlər Qrupu təsis edilib. Sabah isə forumda “Meyvə istehsalı sahələrində zərərli orqanizmlərlə mübarizə təcrübələri”, “İstixanada zərərli orqanizmlərlə mübarizə təcrübələri”, “Birillik bitkilərin istehsalı sahələrində zərərli orqanizmlərlə mübarizə təcrübələri” və “Bitki mühafizəsi vasitələrindən düzgün istifadə və bioloji mübarizə üsullarının tətbiqi” mövzularında sessiyaların təşki olunması nəzərdə tutulur.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır