Dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində fermerlərə master-klass keçirilib
2026-03-12 12:18:00
Dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təşkilatçılığı və “Grand-Agro İnvitro” MMC-nin dəstəyi ilə Tərtər şəhərində “İntensiv meyvə bağlarının salınması və idarə olunması texnologiyaları” mövzusunda fermerlərə master-klass keçirilib. Proqram aqronomluq, bağçılıq və tingçilik sahələri üzrə beynəlxalq məsləhətçi, ixtisaslaşmış şirkətin baş icraçı direktoru Dr. Cihangir Korkmaz tərəfindən aparılıb. Tədbirdə Aqrar Xidmətlər Agentliyinin, “Grand-Agro İnvitro” MMC-nin əməkdaşları, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin müəllim-tələbə heyəti, fermerlər, sahibkarlıq subyektləri, aqronomlar və tingçiliklə məşğul olan şəxslər iştirak ediblər.
Master-klassın əsas məqsədi fermerlər arasında sertifikatlı tinglərin düzgün seçimi və istehsalı, intensiv meyvə bağlarının planlı şəkildə salınması, məhsuldarlığın artırılması və gəlirli bağ təsərrüfatlarının qurulması, həmçinin bağların effektiv idarə olunması bacarıqlarının formalaşdırılması olub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev bildirib ki, müasir dövrdə texnologiyaların inkişafı, iqlim dəyişiklikləri və bazar tələbləri fermerlərin daha müasir və innovativ yanaşmalar tətbiq etməsini zəruri edir. Qeyd edib ki, müasir aqrar texnologiyaların tətbiqi, sertifikatlı tinglərdən istifadə, dövlət - özəl sektor əməkdaşlığının gücləndirilməsi məhsuldarlığın və məhsulun keyfiyyətinin yüksəldilməsinə, eyni zamanda kənd təsərrüfatının daha dayanıqlı inkişafına mühüm töhfə verir. Həmçinin sədr vurğulayıb ki, Aqrar Təlim Mərkəzi fermerlərin, aqronomların və digər aqrar mütəxəssislərin bilik və bacarıqlarının artırılması üçün mütəmadi olaraq nəzəri və praktiki təlimlər təşkil edir. Təlim proqramları fermerlərin real ehtiyacları və bölgələrin xüsusiyyətləri nəzərə alınaraq hazırlanır. Bu fəaliyyət məhsuldarlığın və məhsul keyfiyyətinin artmasına, resurslardan səmərəli istifadəyə, kənd təsərrüfatının dayanıqlı inkişafına və ölkənin ərzaq təhlükəsizliyinin güclənməsinə mühüm töhfə verir.
Tədbirdə çıxış edən “Grand-Agro İnvitro” MMC-nin direktoru Ramil Əzməmmədov rəhbərlik etdiyi müəssisənin fəaliyyəti və meyvəçilik sektorunun inkişafına yönəlmiş təşəbbüslər barədə ətraflı məlumat verib. O bildirib ki, şirkət müasir laboratoriya şəraitində klonlaşdırma üsulu ilə viruslardan azad bitki materialının çoxaldılması istiqamətində fəaliyyət göstərir və bu yanaşma sağlam, yüksək məhsuldarlığa malik bağların salınmasına mühüm töhfə verir. Çıxış zamanı sertifikatlı toxum və tinglərdən istifadənin əhəmiyyətini xüsusi vurğulayan R. Əzməmmədov bunun məhsulun keyfiyyətinin və sabit məhsuldarlığın təmin edilməsində mühüm rol oynadığı qeyd edib.
Master-klass nəzəri və praktiki hissələrdən ibarət olmaqla iştirakçılara həm elmi biliklər, həm də sahə üzrə praktiki bacarıqlar qazandırmağa yönəlib. Proqramın nəzəri hissəsində iştirakçılara müasir meyvəçilik metodları, kənd təsərrüfatında innovativ yanaşmalar, dərmanlama və gübrələmə texnologiyaları, intensiv bağların salınması və idarə olunması, calaqaltı seçimi və sertifikatlı ting istehsalının üstünlükləri barədə məlumat verilib. Təlimçi Dr. Cihangir Korkmaz təqdimatı zamanı intensiv meyvə bağlarının salınmasında düzgün sort və calaqaltı seçiminin, eləcə də sertifikatlı tinglərdən istifadənin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, məhsuldarlığın artırılması üçün torpaq hazırlığının düzgün aparılması, ağacların formalaşdırılması və budanması, eləcə də xəstəlik və zərərvericilərə qarşı vaxtında mübarizə tədbirlərinin görülməsi intensiv bağçılıqda uğurun əsas şərtlərindəndir. Tədbir zamanı iştirakçıların praktik ehtiyacları nəzərə alınaraq mövzular üzrə fikir mübadiləsi aparılıb.
Proqramın ikinci, praktiki hissədə isə nümunəvi təsərrüfatda fermerlərin iştirakı ilə meyvə ağaclarının formalaşdırılması və budanması qaydaları iştirakçılara ətraflı şəkildə izah edilib. Sahə şəraitində ağacların düzgün budama texnikaları əyani şəkildə nümayiş etdirilib, budamanın ağacların sağlam inkişafına, məhsuldarlığın artırılmasına və məhsulun keyfiyyətinə təsiri barədə praktik tövsiyələr verilib. Təlimçi Dr. Cihangir Korkmaz tərəfindən müxtəlif yaş mərhələsində olan ağacların formalaşdırılması üsulları göstərilib, onların düzgün inkişafının təmin edilməsi və məhsuldarlığın artırılması, bağlarda düzgün qulluq, ağacların balanslı inkişafının təmin edilməsi və məhsuldar bağların formalaşdırılması ilə bağlı iştirakçılara praktiki məsləhətlər verilib. Bu yanaşma fermerlərə əldə etdikləri nəzəri bilikləri sahə şəraitində tətbiq etməyə və intensiv bağçılıq sahəsində daha səmərəli fəaliyyət göstərməyə imkan yaradıb.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən təşkil olunan bu cür tədbirlər bölgələrdə fəaliyyət göstərən fermerlər arasında bilik və təcrübə mübadiləsini gücləndirir, müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqini təşviq edir və yerli təsərrüfatların dayanıqlı inkişafına əhəmiyyətli töhfə verir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır