Ağdaşda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
2026-06-12 17:00:00
İyunun 12-də Mərkəzi Aran iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə keçirilib.
Tədbir Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.
Ağdaşda keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələr, habelə Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonlarından olan fermerlər iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinin göstərdiyi diqqət və bu məqsədlə keçirilən müşavirədə verilən tapşırıqlar barədə danışmış, habelə yeni Dövlət Proqramının məqsədi və əhəmiyyəti barədə iclas iştirakçılarına ətraflı məlumat vermişdir. O, qeyd edib ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilib, kənd təsərrüfatı məhsullarının istehsalına dövlət dəstəyi mexanizmləri təkmilləşdirilib, aqroparklar yaradılıb, müasir suvarma sistemlərinin tətbiqi genişləndirilib, torpaq və su resurslarından istifadənin səmərəliliyinin artırılması istiqamətində mühüm layihələr icra olunub. Yeni Dövlət Proqramı bu islahatların məntiqi davamı olmaqla aqrar sektorun inkişafında yeni mərhələnin əsasını təşkil edir.
Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Dövlət Proqramı çərçivəsində Mərkəzi Aran iqtisadi rayonunda kənd təsərrüfatının inkişaf prioritetləri və nəzərdə tutulan dəstək mexanizmləri barədə təqdimatla çıxış edib. Təqdimatda regionun ixtisaslaşma istiqamətləri nəzərə alınmaqla taxılçılıq, meyvəçilik, bostançılıq və heyvandarlıq sahələrinin inkişafı, məhsuldarlığın yüksəldilməsi, müasir aqrotexniki yanaşmaların və innovativ texnologiyaların tətbiqi, su və torpaq resurslarından səmərəli istifadə, aqrar sığorta və subsidiya mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də fermerlərin aqrar məsləhət və təlim xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məsələləri diqqətə çatdırılıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov çıxışında Mərkəzi Aran iqtisadi rayonunda su təminatı, mövcud meliorasiya və su təsərrüfatı infrastrukturu, həyata keçirilən və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib. Çıxış zamanı su ehtiyatlarından səmərəli və qənaətli istifadənin vacibliyi xüsusi qeyd edilib. Bildirilib ki, Dövlət Proqramı çərçivəsində müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, su uçotunun təkmilləşdirilməsi, rəqəmsal idarəetmə və monitorinq sistemlərinin qurulması istiqamətində tədbirlər həyata keçiriləcək.
Daha sonra Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayonda kənd təsərrüfatı sahəsində görülən işlər barədə məlumat verib. O, Dövlət Proqramının rayon üçün əhəmiyyətindən danışaraq bildirib ki, 2026–2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin operativ icrasını təmin etmək məqsədilə rayonda hazırlıq işlərinə artıq başlanılıb. Bu çərçivədə Kənd Təsərrüfatı Nazirliyi ilə birgə Tədbirlər Planının hazırlanması həyata keçirilir, prioritet istiqamətlər üzrə konkret fəaliyyətlər müəyyənləşdirilir və aidiyyəti qurumlar arasında koordinasiya mexanizmləri formalaşdırılır. O qeyd edib ki, Dövlət Proqramının qarşıya qoyduğu hədəflərə nail olunması üçün rayon səviyyəsində zəruri təşkilati və institusional tədbirlərin həyata keçirilməsi təmin ediləcək.
Daha sonra fermer və sahibkarlar çıxış edərək Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və dövlət dəstəyinə görə təşəkkürlərini bildirərək proqramda nəzərdə tutulan dövlət dəstəklərinin təsərrüfatların genişləndirilməsi üçün əlavə imkanlar yaradacağını qeyd ediblər. Eyni zamanda, regionun fermerləri adından Dövlət Proqramında nəzərdə tutulan məsələlərin icrası istiqamətində üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün daha səylə çalışacaqlarını, məhsuldarlığın artırılması və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi üçün bütün imkanlardan istifadə edəcəklərini bildiriblər.
Müşavirənin yekununda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Dövlət Proqramının Mərkəzi Aran iqtisadi rayonunda səmərəli icrasının təmin olunması məqsədilə bütün əlaqəli qurumlara konkret tapşırıqlar verib. Tapşırıqlarda suvarma və meliorasiya tədbirlərinin gücləndirilməsi, əkin sahələrində aqrotexniki qulluq işlərinin vaxtında aparılması, fermerlərlə maarifləndirmə işinin genişləndirilməsi, yerli icra hakimiyyəti orqanları, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və digər aidiyyəti qurumlar arasında koordinasiyanın daha da gücləndirilməsi xüsusi vurğulanıb. Qeyd edilib ki, Dövlət Proqramının icrası Mərkəzi Aran iqtisadi rayonunda taxılçılıq, meyvəçilik, bostançılıq və heyvandarlığın inkişafına, məhsuldarlığın yüksəldilməsinə, fermer təsərrüfatlarının dayanıqlığının artırılmasına və regionun aqrar potensialından daha səmərəli istifadə olunmasına mühüm töhfə verəcək.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır