Samuray arısı: qəhvəyi mərmər bağacığına qarşı təbii düşmənin yan təsirləri ola bilərmi?
2026-09-02 12:00:14
Qəhvəyi mərmər bağacığı (Halyomorpha halys) Şərqi Asiyadan yayılmış, 300-dən çox bitki növünə ziyan vuran işğalçı həşəratdır. Zərərverici tərəvəz, fındıq və digər bitkilərinin meyvəsini sancıb şirəsini soraraq məhsulu bazar üçün yararsız hala salır. Cənubi Qafqaza böcəyin 2014-cü ildə Soçi Olimpiadası tikinti materialları ilə İtaliyadan gətirildiyi ehtimal olunur və o, qısa müddətdə əsasən Gürcüstan və Türkiyənin, habelə İtaliyanın fındıq təsərrüfatlarına ciddi zərbə vura bilmişdir. Yalnız 2016–2018-ci illərdə Gürcüstanın fındıq məhsulunun təxminən üçdə birini məhv edərək ildə 60 milyon avroya qədər itkiyə səbəb olduğu qiymətləndirilir. Türkiyə və İtaliyada bu ziyan 100 milyonlarla avorya bərabər olduğu bildirilir.
Böcəyin doğma arealında — Şərqi Asiyada — populyasiyasını əsasən yumurtalarına hücum edən parazitoid arılar cilovlayaraq sabit saxlayır. Bunların ən təsirlisi samuray arısıdır (Trissolcus japonicus). Bu kiçik arı öz yumurtasını bağacığın yumurtasının içinə qoyur; sürfə inkişaf etdikcə bağacığın rüşeymini yeyərək məhv edir. Tədqiqatlar göstərir ki, samuray arısı bağacıq yumurtalarını 70%-dən yuxarı nisbətdə parazitləyə və məhv edə bilir. Məhz buna görə o, dünyada bağacığa qarşı «klassik bioloji mübarizə»nin ən perspektivli agenti sayılır.
Maraqlıdır ki, arı bir çox ölkəyə insan tərəfindən qəsdən buraxılmadan, təsadüfən yayılıb. Avropada ilk dəfə 2017–2018-ci illərdə İsveçrədə, sonra Almaniya və İtaliyada aşkarlanmışdır. Digər tərəfdən İtaliyada aparılan bioloji mübarizə proqramı uğurun əsas nümunəsi kimi misal göstərmək olar: buraxılış sahələrində bağacıq yumurtalarının parazitlənmə səviyyəsi 4-5 il ərzində 18,3%-dən 50,6%-ə qalxmışdır, bunun böyük hissəsini samuray arısı təmin edib (2020-ci ildə 7,9%, 2023-cü ildə 41,3%). Buraxılış nöqtələrinin 2,5 km radiusundakı bağlarda meyvə zədələnməsində azalma müşahidə olunduğu qeyd edilir.
Arının yeni areallara yayılmasının əsas elmi narahatlığı onun dar ixtisaslaşmış olmaması ilə bağlıdir.
Laboratoriya təcrübələrində samuray arısı yalnız hədəf növü deyil, digər bağacıqları da parazitləyə bildiyi qeyd edilir. Avropada aparılan «seçimsiz» (no-choice) sınaqlarda test edilən 13 yerli növün 11-ində (85%) arının nəsli uğurla inkişaf etdiyi məlum olmuşdur. Kaliforniyada 6, Yeni Zelandiyada isə endemik alp qalxanlı bağacığı da daxil olmaqla bir sıra növlərin həssas olduğu müşahidə edilmişdir. Bununla belə, laboratoriya nəticələri ilə təbiətdəki real mənzərə fərqlidir. Çöl şəraitində 18 qeyri-hədəf növdən 15-i parazitlənsə də əksəriyyəti bağacıqdan qat-qat az zərər gördüyü məlum olmuşdur, çünki yumurtaqoyma vaxtının və ya yaşayış yerinin fərqli olması onlara təbii «sığınacaq» yaradır. Çöl sınaqlarında bağacıq yumurtaları 90 təkrarın 88-də hücuma məruz qaldığı halda, yerli növlərin yalnız cüzi hissədən arı çıxmışdır.
Bir başqa incə məqam: Avropanın yerli Trissolcus növləri bağacıq yumurtalarına yumurta qoysalar da, nəsilləri inkişaf edə bilmir. Bu səbəbdən işğalçı bağacıq yerli parazitoidlər üçün «təkamül tələsi» rolunu oynayır və bu, bioloji mübarizədə samuray arısının niyə üstün olduğunu bir daha izah edir.
Adında «arı» sözü keçsə də, samuray arısını bal arıları (Apis mellifera) ilə qarışdırmaq düzgün deyil — bu, tamam fərqli bir canlıdır. Samuray arısı cəmi 1–1,5 mm ölçüdə, gözlə çətin seçilən mikroskopik parazitoiddir; o, insanı sancmır, pətəklərə girmir və bal arılarının şanı, sürfələri və ya balı ilə heç bir təması yoxdur. Onun yeganə «yemi» bağacıqların (Pentatomidae fəsiləsi) yumurtalarıdır — yalnız oraya yumurta qoyur və başqa qida mənbəyi ilə maraqlanmır.
Bu o deməkdir ki, samuray arısı arıçılıq üçün nə rəqib, nə də xəstəlik mənbəyidir. O, bitki tozcuğu (polen) və ya nektar toplamır — çünki sürfələri həşərat yumurtası ilə, yetkin fərdləri isə əsasən şeh və çiçək şirəsi ilə qidalanır — deməli, bal arıları ilə qida (polen/nektar) yarışına girmir və otlaq-çiçək resurslarını onların əlindən almır. Eyni zamanda o, arı ailələrində rast gəlinən xəstəlikləri (məsələn, varroa gənəciyi, virus və ya bakterial infeksiyaları) nə daşıyır, nə də yayır; bu xəstəliklərin vektorları (yayanlar) tamam başqa orqanizmlərdir. Qısası, arıçılar samuray arısının yayılmasından öz pətəkləri üçün narahat olmamalıdır — əksinə, bağ-bostan zərərvericisini cilovladığına görə bu arı kənd təsərrüfatının, o cümlədən nektar verən bitkilərin dostudur.
Elmi ədəbiyyatın ümumi mövqeyi aydındır: samuray arısı bu gün qəhvəyi mərmər bağacığına qarşı əlimizdə olan ən effektiv təbii vasitədir. Onun üstünlüyü təkcə təsir gücündə deyil — bu üsul kimyəvi dərmanlama tələb etmir, bir dəfə təbiətdə məskunlaşdıqdan öz-özünü davam etdirir və bir çox regionda artıq heç bir insan müdaxiləsi olmadan, təbii şəkildə yayılır. İtaliya təcrübəsi bunun canlı sübutudur: arı yerləşdikdən sonra zərərverici yumurtalarının yarıdan çoxu məhv olub, bağlarda meyvə zədələnməsi isə nəzərəçarpacaq dərəcədə azalmaqdadır
Təhlükəsizlik məsələsinə gəlincə, nəticələr ürəkaçandır. CABI-nin — zərərli orqanizmlərin elmi əsaslı risk təhlillərini aparan beynəlxalq qurumun — son araşdırması arının yerli bağacıqlara təsirinin «minimal» olduğunu təsdiqləyib. Həmçinin, müstəqil ekspertlər hər region üçün faydanın riski üstələyib-üstələmədiyini ayrıca qiymətləndirir və davamlı monitorinq aparırlar; indiyədək əldə olunan nəticələr qənaətbəxş hesab edilir.
Cənubi Qafqaz kimi fındıq təsərrüfatının həyati əhəmiyyət daşıdığı bölgələr üçün bu, ilk növbədə böyük bir imkandır — məhsulu və fermerin gəlirini qorumağın təbiətlə barışıq yolunu tapmaq. Eyni zamanda o, məsuliyyətli və elmi müşayiətlə idarə olunmağı tələb edən bir prosesdir.
Odur ki, əminliklə deyə bilərik ki, daim monitorinq və araşdırmalarla müşayiət olunan zərərvericilərə qarşı effektiv bioloji mübarizə üsullarının tətbiqi təbiətdəki balansı qorumağın ən təbii yoludur.
Bu məqalə Cəfər Məhərrəmov tərəfindən elmi ədəbiyyata əsaslanaraq hazırlanmışdır
[1] CABI — Samurai wasp has minimal impact on native stink bugs. https://www.cabi.org/news-article/samurai-wasp-has-minimal-impact-on-native-stink-bugs-new-cabi-led-study-confirms/
[2] Journal of Insect Science — T. japonicus Causes Low Levels of Parasitism in Three North American Pentatomids Under Field Conditions. https://academic.oup.com/jinsectscience/article/19/4/15/5545240
[3] Austral Entomology — Pre-emptive host-specificity testing of T. japonicus (New Zealand alpine shield bug). https://onlinelibrary.wiley.com/doi/10.1111/aen.12532
[4] Journal of Pest Science — Fundamental host range of Trissolcus japonicus in Europe. https://link.springer.com/article/10.1007/s10340-019-01127-3
[5] Journal of Pest Science — Does the fundamental host range of T. japonicus match its realized host range in Europe? https://link.springer.com/article/10.1007/s10340-023-01638-0
[6] Journal of Pest Science — First discovery of adventive populations of Trissolcus japonicus in Europe. https://link.springer.com/article/10.1007/s10340-018-1061-2
[7] Biological Control — Non-target attack of the native stink bug Podisus maculiventris by T. japonicus: fitness costs and trade-offs. https://www.sciencedirect.com/science/article/abs/pii/S1049964422002729
[8] PMC — Classical biological control of BMSB in apple orchard: a success story (Italy). https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC12618914/
[9] USDA ARS — To Deal With the Brown Marmorated Stink Bug, Scientists Bring In Its Arch Enemy. https://tellus.ars.usda.gov/stories/articles/deal-brown-marmorated-stink-bug-ars-scientists-bring-its-arch-enemy
[10] FAO — Regional framework for management of Brown marmorated stink bug in the Caucasus. https://www.fao.org/transboundary-plant-pests-diseases/news/detail/fao-supports-development-of-a-regional-framework-for-management-of-brown-marmorated-stink-bug-in-the-caucasus/en
[11] University of Florida IFAS (EENY-672) — Samurai Wasp Trissolcus japonicus. https://ask.ifas.ufl.edu/publication/IN1156
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır